Azərbaycan-Özbəkistan: Strateji Tərəfdaşlığın Güclənməsi

Azərbaycana beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri ilə, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr sayəsində nüfuzunu getdikcə artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri yalnız respublikamızın deyil, eyni zamanda demək olar ki, bütün regionun inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusən də Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövləti olan sürətli inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr son illərdə davamlı inkişaf edir və genişlənir.
Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarla, o cümlədən Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf etdirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyət kəsb edir. Özbəkistan Prezidentinin son 3 il ərzində Azərbaycana altıncı səfəri baş tutub ki, bunlardan ikisi dövlət səfəridir.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistandakı, 1998-ci ilin may ayında isə Özbəkistanın Azərbaycandakı səfirlikləri fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Cənab Prezident çıxışında ötən il Daşkənddə Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandığını bir daha nəzərə çatdırıb. O, qeyd edib ki, "Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçirilir."
İlk dəfə 2022-ci ilin Daşkəndində Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandığını vurğulayan Prezident Əliyev, iki ölkə arasında artıq rəsmi müttəfiqlik olduğunu bildirib. Eyni zamanda, Özbəkistan son vaxtlar idman sahəsində yeni uğurlar əldə edir. Prezident İlham Əliyev, Şavkat Mirziyoyevin futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibəti ilə təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidentinə kənd təsərrüfatı, xüsusilə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduğuna görə xüsusi minnətdarlığını ifadə edib. O, "Özbək dostlarımıza məsləhət yardımlarına, kənd təsərrüfatı məsələlərinə görə, pambıqçılıq və ipəkçilik sahəsindəki layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq," - deyib.
Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Bakıda "Özbəkistan" parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılması, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması da xüsusi əhəmiyyət kəsb edir.
Sühalı Agbulud
AYB Abşeron bölgəsinin sədri