Saməddin Farziyev Almaniyadan deport olunduqdan sonra Bakıda saxlanılaraq həbs edilib



Saməddin Farziyev Almaniyadan deport olunduqdan sonra Bakıda saxlanılaraq həbs edilib

Məlumata görə, Cəlilabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsindən sonra adı müxtəlif cinayət təqibi materiallarında hallanan Azərbaycan vətəndaşı Saməddin Farziyev ailəsi ilə birlikdə ölkəni tərk edərək Almaniyaya sığınacaq müraciəti etmişdi.

 

Bildirilir ki, 17 Dekabr  tarixində Farziyev Almaniyadan deport olunaraq Bakıya məcburi qaydada geri göndərilib. Geri dönüşdən dərhal sonra o, Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb və hüquq-mühafizə orqanları tərəfindən təcridxanaya aparılıb. Onun barəsində hansı maddə üzrə ittiham irəli sürüldüyü barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

 

Ailənin sözlərinə görə, yol-nəqliyyat hadisəsindən sonra Farziyev ailəsi müxtəlif təzyiq və təhlükə riski ilə üz-üzə qalıb. Onlar qeyd edirlər ki, ictimai-sosial mühitdə formalaşmış gərginlik, həmçinin əvvəlki saxlanılma halları səbəbindən ölkəyə qaytarılma Farziyev üçün azadlıq və təhlükəsizlik baxımından ciddi risklər yaradır.

 

Mənbələr bildirir ki, hazırda Saməddin Farziyevin saxlanma şəraiti və barəsində aparılan prosessual tədbirlərlə bağlı müstəqil və şəffaf hüquqi qiymətləndirməyə ehtiyac var. Hadisənin insan hüquqları, ailə birliyinin qorunması və şəxsi təhlükəsizlik kontekstində qiymətləndirilməsi zəruri hesab olunur.

 

Mövzu ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.