Azərbaycan və Özbəkistan: Strateji Tərəfdaşlıq Zirvəsi

Azərbaycan və Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir. Hər iki xalq türkdilli dünyaya mənsub olub, ortaq dil, din və adət-ənənələrə malikdir. Bu amillər göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri təkcə diplomatik əlaqələrdən ibarət olmayıb, eyni zamanda səmimi qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq regionun əsas aparıcı aktorlarından birinə çevrilib.
Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığının əsas qovşaqlarından birinə çevirib. Bu çərçivədə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın deyil, bütövlükdə regionun rifahı üçün strateji əhəmiyyət kəsb edir.
Bu fonunda Azərbaycanla qardaş Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir. 2025-ci il iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri bu əlaqələrin yeni zirvəsidir. Dövlət başçıları tərəfindən imzalanmış Birgə Bəyanamə və digər sənədlər iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində qətiyyətli addımların təzahürüdür.
Bütün bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycan dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında toxunub. Cənab Prezident qeyd edib: "Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir."
Keçən il Daşkənd şəhərində Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ikitərəfli əlaqələrdə mühüm dönüm nöqtəsi olmusdur. Bu müqavilə, iki ölkənin qarşılıqlı etimad və əməkdaşlıq səviyyəsinin ən yüksək göstəricisi kimi, münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığını rəsmi olaraq təsdiqləmişdir. Müqavilə çərçivəsində tərəflər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə daha sıx əlaqələrin qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi istiqamətində qəti addımlar atmağı qarşılarına məqsəd qoymuşlar.
Həmçinin, beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin olunması üçün birgə səylərin artırılması bu sənədin əsas prioritetlərindəndir. Bu müqavilə həm Azərbaycan, həm də Özbəkistan üçün qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələsini simvollaşdırır və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi zəmin yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycanla qardaşlıq əlaqələrinin tarixi köklərinə toxunaraq, ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. O, həmçinin Qarabağın bərpası prosesində Özbəkistanın verdiyi dəstəyin vacibliyini vurğulamış və iki ölkənin gələcək əməkdaşlığının yeni layihələr və birgə təşəbbüslərlə zənginləşəcəyinə inam bildirmişdir.
Ümumilikdə, prezidentlərin bəyanatları göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri regionda sülh və sabitliyin təmin olunmasında, həmçinin iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu, həm də iki ölkənin qarşılıqlı hörmət və anlaşma əsasında qurulan möhkəm tərəfdaşlığının göstəricisidir. Azərbaycan və Özbəkistan, həmçinin Türk Dövlətləri Təşkilatının inkişafında aparıcı rol oynayır. Hər iki ölkə Türk dünyasının birliyinin, ortaq iqtisadi məkanın formalaşdırılmasının, mədəni-mənəvi dəyərlərin qorunmasının vacibliyini daim vurğulayır və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal fəaliyyət göstərir.
Bu münasibətlər xalqlarımız arasında qarşılıqlı hörmət və siyasi iradə əsasında daha da möhkəmlənəcək, regionda sülh, sabitlik və davamlı inkişaf üçün güclü zəmin yaradacaq. Azərbaycan və Özbəkistan arasında qurulan strateji tərəfdaşlıq təkcə iki dövlət üçün deyil, bütövlükdə bölgənin gələcəyi üçün ümidverici perspektivlər və yeni imkanlar açır.
```