“Məhkəmə qərarları icra olunmur: Nazirə suallar”

Məhkəmə qərarları icra olunmayacaqsa, məhkəmələr və icraçılar nəyə lazımdırlar?!Cənab Fərid Əhmədov!Öncə diqqətinizə çatdırmaq istəyirəm ki, 27 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə naziri təyin olunmağınız, bir çoxları kimi, şəxsən məndə də böyük ümidlər yaratmışdı

“Məhkəmə qərarları icra olunmur: Nazirə suallar”

Cənab Fərid Əhmədov,

Öncə diqqətinizi çatdırmaq istəyirəm ki, 27 fevral 2024-cü ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunmağınız, bir çoxları kimi, şəxsi mənə də böyük ümidlər yaratmışdı. Bu, o demək deyil ki, bir vətəndaş və jurnalist olaraq, sabiq nazir Fikrət Məmmədovdan narazı idim. Əksinə, bir çox nazirlərdən fərqli olaraq, Fikrət Məmmədovun kifayət qədər ədalətli və işgüzar məmur olduğunu bu gün də əminliklə deyirəm.

Ancaq 2009-cu ildən etibarən Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gəncləşdirmə siyasətinə start verilməsiylə, digər yaşlı məmurlarla yanaşı, ədliyyə nazirinin də dəyişməsi labüd idi. Sizin gəlişiniz isə bizdə böyük ümid yaratmışdı ki, ədliyyə sistemində yeniliklər, islahatlar aparmağa ehtiyac vardı.

Bunu son illər ərzində, bir jurnalist olaraq, apardığımız araşdırmalara istinad edərək deyirik. Düşünürdük ki, ədliyyə Nazirliyi rəhbərliyində yenilənmə, yəni gəncləşmə prosesi həyata keçirilərsə, vətəndaşların, o cümlədən bizə müraciət edən çoxsaylı oxucularımızın problemləri də həll olunar, insanlar ədliyyə qurumlarında yersiz süründürməçiliyə məruz qalmazlar.

Cənab Nazir! Sizə də məlum olduğu kimi, dünya təcrübəsində hər bir məmurun fəaliyyətinə ilkin olaraq vəzifədə olduğu 100 günün tamamında qiymət verilir. Bu sətirlərin müəllifi sizin nazir təyin olunmağınızdan sonra tezliklə ədliyyə sistemində çox ciddi dəyişikliklərin olacağına inam ifadə etmişdi. Bunu yazdığımız bir neçə məqalədə açıq şəkildə qeyd etmişdik ki, qarşıdakı 100 gün ərzində çox ciddi, müsbət dəyişikliklərin şahidi olacağıq.

Amma, üzüntü ilə qeyd edirəm ki, sizin nazir kimi fəaliyyət göstərdiyiniz 100-cü günün tamamında ədliyyə orqanlarında hansısa müsbət dəyişikliyin şahidi olmadım. Doğrudur, bir neçə rəhbər şəxs vəzifəsindən azad olundu, amma bu nəyi dəyişdi ki?! Bir halda ki, ədliyyə Nazirliyinin müvafiq qurumlarından şikayətlərin sayı günbəgün artır, demək, yaxşıya doğru heç bir dəyişiklikdən söhbət gedə bilməz.

Cənab Əhmədov! Çox təəssüflə vurğulayırıq ki, yalnız 100 gün deyil, hətta ötən 16 ay ərzində ədliyyə Nazirliyində ciddi islahatların şahidi deyilik. Ola bilər, ətrafınızdakı müəyyən şəxslər sizi hər şeyin yaxşı olduğuna inandırmağa çalışır. Amma əmin olun ki, rəhbərlik etdiyiniz qurumda vəziyyət nəinki yaxşılaşır, əksinə, günbəgün daha da pisləşir.

Xüsusilə jurnalist olaraq deyə bilərik ki, sabiq nazir Fikrət Məmmədovun dövründə müvafiq qurumlar, o cümlədən Mətbuat Xidməti sorğumuza operativ cavab versələr də, bu gün hansısa qurumla əlaqə yaratmaq mümkün deyil. Xüsusilə də ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin olub-olmadığı bizim üçün qaranlıqdır. Çünki 1 ildən çoxdur ki, mətbuat adına ünvanladığımız suallara heç bir cavab ala bilmirik.

O ki qaldı sadə vətəndaşların müraciətlərinə, burada da çox ciddi problemlərin olduğu şübhəsizdir. Ən azı ona görə ki, siz gəldikdən sonra heç bir vətəndaş ədliyyə Nazirliyindən rəsmi və ya qeyri-rəsmi cavab ala bilmir, onların müraciətləri, şikayətləri qulaq ardına vurulur.

Cənab Nazir! Diqqətinizi çatdırmaq istəyirəm ki, ədliyyə sistemi ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin böyük əksəriyyəti məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Hər halda, bu fakt ölkəmizdə özbaşınalığın, qanunsuzluğun, dələduzluğun və digər çoxsaylı cinayət faktlarının artmasına ciddi təsir göstərir. Belə ki, barəsində çıxarılan məhkəmə qərarının icra olunmayacağına, yaxud məsələni icraçılarla "yoluna qoyacağına" əmin olan vətəndaş təkrar cinayət törətməkdən heç bir halda çəkinmir.

Üstəlik, məhkəmə qərarlarının icrası sahəsində geniş "bazar açıldığını" da ayrıca nəzərinizə çatdırmaq istəyirəm. Yəni, əksər icraçılar şəxsi maraqları olmadıqda, vətəndaşın müraciətinə biganə yanaşır, onları aylarla, illərlə süründürməçiliyə məruz qoyur. Məhz bu kimi hallar kütləvi xarakter aldığından, məsələni işıqlandırmağı lazım bildim.

Cənab Fərid Əhmədov! Dediklərimizin həqiqət olduğunu təsdiq etmək üçün bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. "Hürriyyət"ə müraciət edən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 68/69-da qeydiyyatda olan Həsənova Ülviyyə Sabir qızı bildirir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Adil Pasayevin 14.10.2024-cü il tarixli qərarı ilə dələduzluqda ittiham olunan Bəsirov Şahin Bəsir oğlu ona birdəfəlik olaraq 17 min manat ödəməlidir. Şikayətçi haqlı olaraq narazılıq edir ki, bu qərarın üzərindən 8 aydan çox vaxt keçsə də, cavabdeh - özünü indidən "DTX əməkdaşı" kimi təqdim edən S. Bəsirov məhkəmə qərarını yerinə yetirmir.

Ülviyyə Həsənova bununla bağlı dəfələrlə Vüqar Aliyev adlı icraçının, eyni zamanda köməkçinin qəbulunda olsa da, onlar aşkar şəkildə öz səlahiyyətlərini icra etməkdən boyun qaçırırlar. Şikayətçi iddia edir ki, Şahin Bəsirovun arxasında DTX əməkdaşı olan yeznəsi - bacısının həyat yoldaşı Heydərli Anar İsrafil oğlu dayandığından, icraçılar öz səlahiyyətlərini yerinə yetirməkdən boyun qaçırırlar.

Cənab Nazir! Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, məsələ ilə bağlı icraçı Vüqar Aliyevlə əlaqə saxlandıqda, "get nə istəyirsən yaz, kiminə istəyirsən şikayət et" inamıyla qarşılaşdıq. Bizim üçün maraqlıdır, sıradan bir icraçı öz qanunsuz əməllərinin rəhbərliyin, şəxsin sizin diqqətinizə çatdırılmasından narahat deyilsə, onun bu cür davranışı sizdən çəkinməməkdən, yoxsa sizin bu kimi "kiçik" məsələlərə ciddi yanaşmadığınızdan irəli gəlir?!

Sonda isə bir suala cavab tapmaq istədik: ümumiyyətlə məhkəmə qərarları icra olunmayacaqsa, məhkəmələr, icraçılar, ümumilikdə siz niyə varsınız?!

Jalə FAMILQIZI

Hurriyyet.az