"Türkiyə-Azərbaycanda Strateji Müttəfiqlik"

Türkiyə-Azərbaycan Dostluğunun İkinci Qarabağ Müharibəsindən Sonra Güclənməsi
Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə xarakterizə etdiyi qədim tarixə malik Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı şəxsi dostluq münasibətləri nəticəsində daha yüksək səviyyəyə çatmışdır. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədli siyasət sayəsində bu münasibətlər yeni müstəviyə keçmişdir.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın siyasi və diplomatik baxımdan dəstəkləməsi, bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri "Susa Bəyannaməsi" olmuşdur. 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Erdoğan Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Susa Bəyannaməsini" imzaladılar.
Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri "Susa Bəyannaməsi" ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldilmişdir. Bəyannamənin Milli Qurtuluş Günündə imzalanması da təsadüfi deyil. Bu hadisə, Azərbaycan xalqının Vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliklərini daha da alovlandırmış, dostlar üçün böyük sevinc, düşmən üçün isə isə gözdağı olmuşdur.
Bəyannamədə yer alan müddəalar Ermənistanın revansist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.
Susa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqlarını bəyan etmiş oldular. Hər iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən edilən təhdid və ya taciz edildiyi halda, ölkələrimiz bu təhdid və ya tacizin aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq zəruri yardımlar göstərəcəkdir.
Susa Bəyannaməsində nəzərdə tutulan kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması ilə, qardaş ölkənin müasir texnologiyalar əsasında istehsal etdiyi yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır.
Bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq çox mühüm və əhəmiyyətli konfranslar keçirilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci il iyunun 15-də "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda, 2023-cü il iyunun 15-də "Heydər Əliyev İli" çərçivəsində Milli Qurtuluş Gününə və Susa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş "Qurtuluştan Zəfərə" mövzusunda, həmçinin 2024-cü il iyunun 15-də "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
Bütün bunlar onu deməyə əsas verir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluq və qardaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir.
Həsən İsmayılov
Abşeron RİH başçısının Xırdalan şəhəri İD üzrə nümayəndəsinin müavini