AZAL təyyarəsinin qəzası: Prezidentin reaksiyası
Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün sarsıdıcı hadisə oldu
AZAL təyyarəsinin qəzası: Prezidentin reaksiyası

Dekabrın 25-də Bakı-Qrozni istiqamətində uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün sarsıdıcı hadisə oldu. Qəza baş verdikdən sonra Azərbaycan Prezidenti dərhal hadisəyə reaksiya göstərərək ciddi tədbirlər gördü və dövlətin mövqeyini açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev hadisə barədə məlumat aldıqdan sonra uçuş istiqamətini dəyişərək Bakıya geri döndü və operativ müşavirə keçirdi. Hökumət tərəfindən Dövlət Komissiyası yaradıldı və Azərbaycanın nümayəndələri dərhal Aktauya ezam olundu.
Dövlətimizin başçısı qəza zamanı həyatını itirən və xəsarət alan ekipaj üzvlərinin qəhrəmanlığını yüksək qiymətləndirdi. Onların peşəkarlığı və fədakarlığı sayəsində qəzadan daha ağır fəsadların qarşısı alındı. Xüsusilə, ekipaj üzvlərinin sərnişinləri xilas etmək üçün göstərdiyi səylər Azərbaycanın aviasiya tarixində əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirildi.
Qəza zamanı həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn edilməsi, bu qəhrəman vətən övladlarına verilən böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, sücaət və fədakarlıq göstərdiklərinə görə İqor Ksnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə, eyni zamanda Zülfiqar İsmayılov və Aydan Rəhimlinin 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi, xalqımızın qəhrəmanlarına verilən dəyərin növbəti təzahürüdür.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qrozni reysini yerinə yetirərkən qəzaya uğramış sərnişinlərin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bəladçiləri ilə görüşüb. Görüş zamanı Prezident İlham Əliyev ekipaj üzvlərinin qəhrəmanlığını xüsusi olaraq qeyd edib. Bildirib ki, "doğrudan da, böyük fədakarlıqdır. Mən bildirdim, çox güman ki, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər."
Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərərək, təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nə gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinli, soyuqqanlı və cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin "Qara qutu"larının açılması prosesinin başlandığı bildirilmişdir. Bütün təkliflərə və təkidlərlə baxmayaraq, Dövlətlərarası Aviasiya Komitəsi "qara qutu"ları açmasına qəti etiraz etmişdir və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilinə başlanılıb və yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər üzə çıxacaq.
Azərbaycan Rusiyadan hadisə ilə bağlı açıq və ədalətli mövqeyini gözlədiyini bəyan etdi. Cənab İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü: Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Günahını etiraf etməlidir. Günahkarları cəzalandırmalı və təzminat ödəməlidir. Bu tələblərin bəziləri artıq qəbul olunsa da, Azərbaycan tərəfi digər şərtlərin də yerinə yetirilməsində israr edir. Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli və prinsipial yanaşmasını açıq şəkildə ifadə edib.
AZAL təyyarəsinin qəzaya uğraması beynəlxalq aviasiya və diplomatiya sahəsində ciddi müzakirələrə səbəb oldu. Hadisəyə Azərbaycanın qətiyyətli və ədalətli yanaşması bir daha göstərdi ki, milli maraqlar hər zaman ön plandadır. Prezident İlham Əliyevin bu məsələdə göstərdiyi prinsipial mövqe ölkənin təhlükəsizlik, obyektivlik və beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ortaya qoyur. Hadisənin tam araşdırılması və nəticələrin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir və Azərbaycan xalqı prosesin şəffaf şəkildə aparılmasını yaxından izləyir.
Ramil Qədimquliyev – hüquqsünas, BDU-nin doktoranti