Mingəçevirdə tender qalibi "LIDER-LINE" MMC olub!

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin (Dövlət Müəssisəsi) Mingəçevir şəhərində Mənzil Fondunun əsaslı təmir işlərinin satınalınması üzrə 07

Mingəçevirdə tender qalibi "LIDER-LINE" MMC olub!

Mingəçevir şəhərində Mənzil Təsərrüfat və Abadlıq İdarəsinin (Dövlət Müəssisəsi) Mənzil Fondunun əsaslı təmir işlərinin satın alınması üzrə 07.05.2025-ci ildən başlayan açıq tender yekunlaşıb. Müsabiqənin qalibi “LIDER-LINE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tələflər arasında 449.201,93 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 03.07.2025-ci ildən dərc edilib.

Qeyd edək ki, Mənzil Təsərrüfat və Abadlıq İdarəsi (Dövlət Müəssisəsi) Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumdur. Abadlıq İdarəsi tərəfindən nəzərdə tutulmuş təmir işləri üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiymət 994.505,81 manat müəyyən edilmişdir. Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan göründüyü kimi, satınalan təşkilat olaraq Mingəçevir Mənzil Təsərrüfat və Abadlıq İdarəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “LIDER-LINE” MMC-nin təklif verdiyi məbləğ arasında kəskin fərq var.

Məlumatda, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müyyən edildiyi bildirilir. Sözügedən Qanunun 35.1.8-ci maddəsinə görə, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmalıdır.

Amma görünür ki, Mingəçevir şəhərinin Abadlıq İdarəsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizə yaxın qiymət təqdim etmiş “LIDER-LINE” MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bildirək ki, bu, Mingəçevir şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil Təsərrüfat və Abadlıq İdarəsi ilə “LIDER-LINE” MMC arasındakı ilk işbirliyi deyil. Mingəçevir şəhər İcra Hakimiyyəti, sözügedən şirkətlə inzibati binanın fasad hissəsinin əsaslı təmiri üzrə 28.890,36 manat dəyərində bir müqavilə 01.07.2025-ci ildən, 16.928,83 manat dəyərində bir müqavilə isə 28.12.2024-cü ildən bağlayıb. İnzibati binanın daxilində cari təmir işlərinin satın alınması üzrə isə 7.981,52 manat dəyərində müqavilə 27.12.2024-cü ildən bağlanılıb.

Qeyd edək ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə “LIDER-LINE” MMC, 10.10.2022 -ci ildən 19.12.2023-cü il tarixinə qədər mal-materialların satın alınması, Mingəçevir şəhərində mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsaslı təmirinin satın alınması üzrə ümumi dəyəri 937.887 manat mənzil mbləğində 5 satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “LIDER-LINE” (VÖEN- 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı ərazi Vergilər İdarəsində 20.04.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MİNGƏÇEVİR ŞƏHƏRİ, BAĞLAR MASSIVI, ev.11-ci BAĞ KÜÇƏSİ, m.28-A, qanuni təmsilçisinin isə Aslanov Ramil Rafail oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin İsgərov Namizəd Sahmar oğlu olduğu qeyd edilir. Açıq mənbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.

Arasdırma zamanı məlum olub ki, Mingəçevir şəhər İcra Hakimiyyəti 05.04.2024-cü ildən “LIDER-LINE” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş İsgərov Namizəd Sahmar oğluna Mingəçevirin İrşad küçəsində qeyri yaşayış obyektinin istismarı üçün 07-24 nömrəli icazə sənədini verib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. “LIDER-LINE” MMC-nin dövlət qeydiyyatına alındığı tarix isə 2018-ci illə təsadüf edir. Beləliklə, MMC İlham İsmayılov tərəfindən Mingəçevir şəhərində mənzil fonduna aid olan çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün yaradılıb. Təsisçisi olan İsgərov Namizəd Sahmar oğluna da Mingəçevir şəhərində geniş şərait yaradır.