"Ramana'da 8 milyon manatlıq yol fəlakəti"

Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb

"Ramana'da 8 milyon manatlıq yol fəlakəti"

Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətdədir. 2016-cı ildə salınan Ramana-Mastaga avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildən "Azərsu" tərəfindən siradan çıxarılıb. Bu qurumun Ramana'nın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tenderdə qalib gələrək 8,2 milyon manat ödədiyi “Arko Təmir Tikinti Sirkəti” həmin ərazidə kanalizasiya xəttini çəkib, su xətti üçün asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmamışdır.

Sitat.info olaraq, sakinlərin şikayəti üzərinə ərazidə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdır. Qazarkən məqsəd həm də kanalizasiya sisteminin çəkilməsi olsa da, bu məsələ tamamilə gündəlikdən çıxarılmışdır. Hazırda qəsəbədə ümumiyyətlə kanalizasiya xətti yoxdur.

Bu işi “Arko Təmir Tikinti Sirkəti” MMC aparmışdır. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün 8,202,558 manatlıq tenderi qazanmışdır. Həmin ildən qəsəbəyə su çəkilib, kanalizasiya xətlinin pulu “yeyilərkən” yolun müxtəlif hissələrindən asfalt örtük kəsilmişdir, lakin sonradan əsaslı bərpa edilməmişdir. Hazırda magistralin kənarları elə bərbad vəziyyətdədir ki, nəqliyyat hərəkət edə bilmir və yol daralmışdır.

Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra siradan çıxarılmışdır. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər. Bu asfalt örtüyü çəkilərkən kanalizasiya sistemi ümumiyyətlə çəkilməmişdir.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Mastaga avtomobil yolunun açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurmuşdur, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini də tamamilə siyahıdan çıxarmışdır.

Məsələ ilə bağlı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Səhərli Su Təhcizatı Xidməti mətbuat katibi Ceyhun Musa oğluna mayın 17-də sorğu ünvanladıq. 20 gündən artıqdır ki, suallarımıza cavab ala bilmirik.

İlk reportajdan bir neçə gün sonra aidiyyəti qurum əraziyə gələrək, təqribən 10 metrlik ərazini asfaltlayıblar. Sakinlər bildirirlər ki, ADSEA-nın su xətti üçün qazıb bərbad hala saldıqları yüz metrlərlə yolu görməzdən gəliblər. Görüntü xatirinə bir qədər ərazidə görünərək, 5-10 metr asfaltlama işi aparıb, işlərini bitmiş hesab ediblər. Bir sözlə, gözə kül üfürməyə çalışırlar.

8 milyonluq layihənin icrası, tenderin keçirilməsi, su xəttinin çəkilməsi, kanalizasiya xəti üçün ayrılan vəsaitlərin mənimsənilməsi, dağılmış yolun bərpasına ayrılan vəsaitin böyük bir hissəsinin “yeyilməsi” 2023-cü ilin martında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbəri təyin edilən Zaur Mikayalovun rəhbərlik dövrünə təsadüf edir.

Çünki su xəttinin çəkilməsi prosesi isə 2023-cü ilin ikinci yarısında aparılmışdır. Belə ki, 2 oktyabr 2023-cü ild də bu haqda Sabunçu RİH-in saytında bu barədə xəbər dərc olunub. Maraqlısı budur ki, xəbərdə yalnız su xəttindən bəhs edilir. Görünür, kanalizasiya məsələsi ümumiyyətlə gündəmdən çıxarılıb.

Bu mövzuda artıq ikinci araşdırmamız dərc olunur. Ümid edirik ki, Dövlət Agentliyi 8 milyon manatın haraya xərcləndiyi barədə sorğumuza detallı və əsaslandırılmış şəkildə cavab verir.

Məgrur Salmanov,
Sitat.info