"Sumqayıtda Avtobuslarda Nağdsız Ödəmə Problemi"
Hazırda paytaxt Bakıda ümumilikdə 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş edilməsi mümkündür
"Sumqayıtda Avtobuslarda Nağdsız Ödəmə Problemi"

Hazırda paytaxt Bakıdadır ümumilikdə 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Bu avtobusların 78 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Lakin, paytaxtdan kənarda fəaliyyət göstərən avtobuslarda nağdsız ödəniş sistemi hələ də tətbiq olunmur. 2023-cü ilin əvvəlində Sumqayıt şəhərində avtobuslarda kart sistemi tətbiq olunsa da, sonradan bu proses müvəqqəti olaraq dayandırıldı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt avtobuslarında kart sisteminin yaxın vaxtlarda bərpası ilə bağlı məlumat yayıb. Ancaq bir ildən artıq müddətdə bu proses hələ də həyata keçirilməyib. Məsələ ilə bağlı AYNA-nın TNS-ə verdiyi məlumata görə, Sumqayıtda fəaliyyət göstərən avtobuslarda kart sisteminin ləğvi texniki səbəblərlə əlaqəlidir: “Sumqayıtda bir ara tətbiq edilən və texniki səbəbdən baş tutmayan kart sistemi ilə bağlı Agentlik xəbərdardır. Əlavə edirik ki, ölkə üzrə sərnişindaşıma da nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Yaxın zamanda nağdsız ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda işlərə başlanılacaq.”
AYNA bir ildən artıqdır ki, problemin yaxın vaxtlarda həll ediləcəyini desə də, bu müddətdə həmin “yaxın vaxt” hələ də yaxınlaşmayıb. Hər dəfə müəyyən vədlər verən qurum prosesi yubada-yubada həyata keçirir. Qeyd edək ki, rayon və şəhərlərdə fəaliyyət göstərən marşrut avtobuslarında kart sisteminin tətbiq olunması məsələsi 2019-2023-cü illər Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramı layihəsində də öz əksini tapmışdı.
Ancaq buna baxmayaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi paytaxtın lap yaxınlığında yerləşən Sumqayıt şəhərində ləğv etdiyi nağdsız ödəniş sistemini bərpa etmək istəmir. Səbəb isə bilinmir. Ölkənin iri şəhərlərindəndir olan Sumqayıtda ahali hələ də keçid haqlarını nağd ödəyir, sahibkarlar isə kart sisteminə keçməkdən imtina edir. Nəticədə Sumqayıt şəhərində sərnişindaşıma ilə məşğul olan sahibkarlar AYNA-nın köməyi ilə külli miqdarda vergidən yayınıb. Görünür, Sumqayıt sahibkarları AYNA ilə bu prosesdə çox asanlıqla dil tapa bilib.