Rəqəmsal tibb və süni intellekt xroniki leykozda dəstəkdir
Rəqəmsal tibb və süni intellekt xroniki leykozda dəstəkdir
Rəqəmsal tibb və süni intellekt, Azərbaycanda xroniki qan xəstəliklərinin müalicəsində həkimlərə kömək edə bilər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz İsaqovun "Azərbaycanda xroniki mieloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" mövzusundakı araşdırmasını "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda təqdim edib.
Şirinova qeyd edib ki, Azərbaycanda illər ərzində yaradılmış milli xroniki mieloid leykoz (XML) məlumat bazası, yerli rəqəmsal və proqnostik modellərin hazırlanması üçün əhəmiyyətli elmi resurs rolunu oynaya bilər. Bu günə qədər həmin sahədə bir çox dərman preparatları kəşf olunub, hədəf yönümlü terapiya tətbiq edilir və molekulyar səviyyədə analizlər həyata keçirilir. Bütün bu dataların sistemli şəkildə təsnifatı və analitik dəyərləndirilməsi, ənənəvi metodlarla müəyyənləşdirilməsi çətin olan qanunauyğunluqları üzə çıxarmağa imkan tanıyır.
O, həmçinin bildirib ki, xroniki mieloid leykozla bağlı məlumatları müxtəlif mənbələrdən toplayaraq, həmin mənbələri ayrı-ayrılıqda təhlil edir. İnsan amili, həkimin xətaya yol vermə ehtimalı mövcud olduğundan, bu məlumatları vaxtında analiz edərək nəticəyə gəlmək çətinlik törədə bilər. Məhz buna görə də, raster tibbi məlumatlar bu prosesi asanlaşdırır.
Aytən Şirinova ifadə edib ki, rəqəmsal tibbin və süni intellektin əsas üstünlüklərindən biri həmin məlumatları vahid analitik platformada cəmləşdirmək imkanıdır. Bu cür sistem vasitəsilə gələcəkdə xəstənin müalicəyə suboptimal cavab vermə ehtimalını daha erkən mərhələdə qiymətləndirmək, xəstəliyin proqressiyaya keçmə riskini təyin etmək, müalicə seçimini optimallaşdırmaq və fərdi monitorinq strategiyası formalaşdırmaq mümkün olacaqdır.
Mütəxəssis, bu prosesdə məlumatların keyfiyyətinin təmin edilməsi, alqoritmlərin klinik validasiyası, etik normalara və pasiyent məlumatlarının konfidensiallığına xüsusi önəm verilməsinin vacib olduğunu vurğulayıb. O, süni intellektin həkimi əvəzləməsi deyil, onun ən etibarlı köməkçisi olmasını hədəflədiklərini bildirib. Süni intellekt məlumatları mərkəzləşdirərək həkimə dəstək olacaq, lakin yekun qərarı şübhəsiz ki, xəstəni tanıyan, onu müalicə edən mütəxəssis verəcəkdir.
Aytən Şirinova, Azərbaycanda uzun illər boyunca formalaşmış milli XML məlumat bazasının gələcəkdə bu istiqamətdə yerli rəqəmsal və proqnostik modellərin işlənib hazırlanması üçün mühüm elmi resurs olacağını vurğulayıb. Bu, həkimlərə daha səmərəli müalicə strategiyaları hazırlamağa və xəstələrin daha yaxşı analiz edilməsinə kömək edə bilər.

