"Azərbaycanın xroniki mieloid leykoz statistikası"
"Azərbaycanın xroniki mieloid leykoz statistikası"
Azərbaycanda xroniki qan xərçəngi (xroniki mieloid leykoz) qadınlar arasında 54%, kişilər arasında isə 46% təşkil edir. Bu məlumatlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytın Şirinovanın, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz İsadovun "Azərbaycanda xroniki mieloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda təqdim edərkən verdiyi açıqlamadan alınmışdır.
Aytın Şirinova, Azərbaycanda xroniki mieloid leykozun epidemioloji və klinik portretini qiymətləndirmək məqsədilə 2008–2023-cü illəri əhatə edən 16 illik milli kohort üzrə geniş epidemioloji tədqiqatın aparıldığını bildirmişdir. Tədqiqatın nəticələrinə görə, Azərbaycan kohortunun özünəməxsus xüsusiyyətlərindən biri xəstələrin cins üzrə paylanması ilə bağlıdır. Beynəlxalq epidemioloji məlumatlarda xroniki mieloid leykozun kişilər arasında daha çox müşahidə olunduğu göstərilsə də, Azərbaycanda qadınlar 54%, kişilər isə 46% təşkil edir. Xəstələrin yaş üzrə paylanmasında isə ən yüksək göstərici 50–59 yaş qrupunda müşahidə edilməklə yanaşı, xəstələrin 72%-i 30–69 yaş intervalına aid olduğu qeyd edilir.
Mütəxəssis vurğulayıb ki, bu göstəricilər xəstəliyin yalnız tibbi deyil, sosial və iqtisadi əhəmiyyətini də ortaya qoyur. Çünki xəstələrin böyük bir hissəsi əmək qabiliyyətli, ailə və cəmiyyət qarşısında aktiv sosial funksiyalarını yerinə yetirən insanlardır. 2008–2023-cü illər ərzində Azərbaycanda xroniki mieloid leykozun qeyd olunan insidensi hər 100 min nəfərə 0,31-dən 0,86-ya yüksəlib. Eyni dövrdə, prevalens 99 xəstədi 1219 xəstəyə qədər artmışdır. Bu isə təxminən 12 dəfə artım deməkdir. Bəs bu rəqəmlər xəstəliyin daha geniş yayılmağa başladığını göstərirmi? Mütləq şəkildə yox. İnsidensin artmasında diaqnostik imkanların genişlənməsi, xəstələrin ixtisaslaşmış mərkəzlərə daha çox müraciət etməsi və qeydiyyat sisteminin təkmilləşdirilməsi mühüm rol oynaya bilər. Prevalensin artması isə başqa bir mühüm prosesi əks etdirir: xəstələr daha uzun yaşayır.
Aytın Şirinova tədqiqatın nəticələrinə istinad edərək bildirmişdir ki, xəstələrin coğrafi paylanması araşdırılanda əsas xəstə yükünün Abşeron–Bakı–Sumqayıt istiqamətində cəmləşdiyi müşahidə edilib. Bu, xəstəliyin hansı sahələrdə daha çox yayıldığını anlamaq və müvafiq tədbirləri görmək üçün mühüm məlumatdır. Xroniki mieloid leykozun müalicəsi və diaqnostikası ilə bağlı əldə olunan nailiyyətlər, eləcə də epidemioloji tədqiqatların aparılması müasir səhiyyə sisteminin effektivliyini artırmağa kömək edir və xəstələrin daha sağlam bir həyatı yaşamasına yönəlmiş addımlar atmağa imkan tanıyır.

