"İlham Əliyevin Suverenlik Günü Müsbət İrəliləyişləri"

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü ildən başlayaraq müstəqil Azərbaycanın dövlətinin başçısı seçilməsi ilə bağlı 22 il keçmişdir. Ölkə başçımız İlham Əliyev, xalqa müraciətində: "Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar", - demişdir.
Bu gün artıq Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşmışdır. Onun yürütdüyü siyasətin davamçısı olan cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirmişdir.
2020-ci ildə Vətən müharibəsi nəticəsində tarixi zəfər qazanaraq işğaldan azad edilən torpaqlarımızda dövlət suverenliyinin bərpa olunması, 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatlarının vətən torpağı həsrətinə son qoyan Böyük Zəfəri bizim torpaq bütövlüyümüzü təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycanın güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var.
19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalamaqla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olmuşdur. Suverenlik, dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsiptir. Azərbaycanın xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır.
2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması, Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərin dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addım idi. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Azərbaycanın siyasi kursu, Ulu Öndər Heydər Əliyevin başlatdığı və cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olmasını təmin etmişdir. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə öz məmuriyyətli dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir.
Aynur Xıllova - politoloq
```