"Konstitusiya və Suverenlik İli: Yeni İnkisaf Yolu"

 Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi

"Konstitusiya və Suverenlik İli: Yeni İnkisaf Yolu"
Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası oldu. Bu Konstitusiya dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi və dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın həyata keçirilməsi kimi ali niyyətlərin reallaşdırılması üçün mühüm qanunverici bazası rolu oynadı. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyən edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ildən artıq işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən biri çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönləndirilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə əldə olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi xalqımızın, xüsusilə yeni nəsil gənclərin gələcək inkişafının hansı istiqamətdə müəyən olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoyub. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir. Konstitusiya və suverenlik Azərbaycanın dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsipərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. "Konstitusiya və Suverenlik ili" bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir. Aysel Mənsimova - politoloq