Xüsusi icra məmurları institutu yaradılır!

Ölkəimizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılacaq. Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.
İqtisadiyyat Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, sözügedən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə, məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.
Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xətalar, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulmuşdur.
Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməli, ən azı 3 aylıq ilkin icbari hazırlıq və staj keçməyə cəlb olunmalıdırlar. Bundan sonra şəhadətnamə və xidmət vəsiqəsi veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.
Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.
Qanunun tətbiqi ilə icra proseslərinin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənir.
Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlamaq məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktların hazırlanması, eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.
Mənbə: Azərbaycanda xüsusi icra məmurları fəaliyyəti başlayacaqlar