"Ələt: İqtisadi inkişafın gerisində qalan sosial sahələr"

Qarabağ İqtisadiyyatı və Sosial İnfrastruktur Problemləri
Bakı şəhərinin Qaradağ rayonuna daxil olan Ələt qəsəbəsi, son illərdə Azərbaycanın iqtisadiyyatının diqqət mərkəzinə çevrilmişdir. Regionun mühüm strateji layihələrindən biri olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası (AFEZ), həmçinin yaxın gələcəkdə nəzərdə tutulan hava limanı bu qəsəbəni ölkənin iqtisadi xəritəsində mərkəzi mövqeyə çıxarmışdır. Lakin bütün bu layihələrin fonunda Ələt sakinləri üçün həyati əhəmiyyət kəsb edən sosial infrastrukturlar acınacaqlı vəziyyətdədir.
Qəsəbənin yeganə istirahət yeri olan park faktiki olaraq mövcud deyil; baxımsızlıq, dağıdılmış oturacaqlar, məhv olmuş yaşıllıq sahələri və təhlükəli oyun meydançaları qəsəbə sakinləri, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi narahatlıq yaradır. Belə strateji bir məkanda, ölkə iqtisadiyyatına milyardlarla dollar dəyərində töhfə verən layihələrin mərkəzində insanların gündəlik ehtiyaclarının bu qədər diqqətdən kənarda qalması suallar doğurur.
Daha faciəvi vəziyyət isə Şəhid Zaur Qurbanov adına mədəniyyət evində yaşanır. Adi qəhrəmanın xatirəsini daşıyan bu mədəniyyət ocağı, hazırda bərbad vəziyyətdir - damı uçmuş, otaqları istifadəyə yararsız, avadanlığı köhnə və yararsız haldadır. Mədəniyyət evləri yalnız kültürel məkanlar deyil, həm də gənclərin maarifləndirilməsi, milli dəyərlərin təbliği və cəmiyyətin mədəni inkişafı üçün vacib platformalardır. Ələt kimi strateji bölgədə belə bir obyektin bu vəziyyətdə olması, həm şəhidin xatirəsinə hörmətsizlik, həm də dövlətin mədəni siyasətinin lokal səviyyədə həyata keçirilməsində ciddi boşluqların göstəricisidir.
Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən onlarla yerli və xarici şirkətin varlığı, bu cür sosial problemlərin həllinə dəstək vermək imkanlarını artırır. Sosial məsuliyyət prinsipləri çərçivəsində bu şirkətlər, eləcə də dövlət qurumları, qəsəbənin sosial infrastrukturu üçün resurs ayırmalı, park və mədəniyyət ocağı kimi obyektlərin bərpasını prioritet məsələ kimi görməlidirlər. Ələt yalnız iqtisadi mərkəz kimi deyil, eyni zamanda yaşamaq üçün layiqli bir məkan kimi inkişaf etdirilməlidir.
Çünki inkişaf yalnız binaların tikilməsi və yolların çəkilməsi ilə ölçülmür; bu, insanların həyat keyfiyyətinə necə təsir etdiyilə müəyyən olunur.
Video Müraciət: Aidiyyəti qurumlara növbəti müraciət
Mənbə: Ələtin inkişafı iqtisadi zonanı keçməməlidir: Cəmiyyətin ehtiyacları niyə unudulur?