"Neft şirkətində işçiyə xəsarət, müstəqil iddia"

Teymur Məmmədquliyev, 20 ildir çalışdığı “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində istehsalat zamanı ciddi xəsarət alıb. 2004-cü ildən supervayzer vəzifəsində çalışan Teymur, 2022-ci ildən iş yerində aldığı xəsarətə görə iki dəfə əməliyyat olunub. Sağ bilək aypara sümüyünün və sol ayaq pəncəsinin sınığı nəticəsində fiziki funksional pozğunluqları qalıb. Onun iddiasına görə, şirkət tərəfindən heç bir maddi yardım və köməklik göstərilməyib.
Teymur Məmmədquliyev, xəsarət aldıqdan sonra iş qabiliyyətinin itirilməsinə görə ödəmələrin düzgün hesablanmadığını bildirir. 2023-cü ilin sentyabr ayından etibarən bu ödəmələrin tamamilə dayandırıldığını qeyd edən Teymur, 9 dekabr 2022-ci ildən 16 may 2024-cü il tarixinə qədər xəstəlik vərəqəsinin davam etdiyini, bu səbəbdən Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etdiyini bildirib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırması nəticəsində, şirkət günahkar sayılıb və bu, 2024-cü ilin 6 fevral tarixli DSMF sənədində də təsdiqlənib.
Teymurun sözlərinə görə, müfətçilik Xidmətinə yazılı müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Şirkət onun xəstələndiyi günlərə görə 25-30 min manat borclu olduğu halda, o, məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı Teymurun əməkhaqqının 3720 manat olduğu, amma şirkətin bunu 3400 manatla hesabladığı məlum olub. Teymur 16 may 2022-ci ildən etibarən işdən çıxmağı düşünməyə başlayıb, lakin şirkət ona “zədələnmiş xəstə adamsan, sənin üçün burada iş yoxdur, ərizə yaz, çıx” deyib. Teymur 20% fiziki pozğunluğa sahib olmasına baxmayaraq, işləməyi bacardığını bildirir, lakin buna icazə vermədiklərini əlavə edib.
Şirkət Teymura əmək müqaviləsini yeniləməyi 500 manat əməkhaqqı ilə təklif etsə də, bu şərtləri qəbul etməyib və 1 oktyabr 2024-cü il tarixində 67-ci maddəyə əsasən işdən azad edilib. Teymurun şikayəti ilə bağlı məhkəmə prosesi hələ də davam edir.
İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktdan görünür ki, Teymur, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istədiyi zaman çərçivə yıxılaraq onun sağ əlini və sol ayağını zədələyib. “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə bağlı iddialara aydınlıq gətirmək məqsədilə Qafqazinfo təsisatı rəsmi sorğu məktubu ünvanlayıb. Şirkətin nümayəndələri, Teymur Məmmədquliyevin narazılıqlarına cavab verə bilmək üçün yalnız fiziki sənədlərlə ofislərinə yaxınlaşılmasının lazım olduğunu bildiriblər.