"Naxçıvanın elektrik ixracı üçün yeni imkanlar"
"Naxçıvanın elektrik ixracı üçün yeni imkanlar"
Prezident İlham Əliyev, AzTV-yə verdiyi müsahibədə Naxçıvanın günəş elektrik enerjisinin istehsal potensialı haqqında danışıb. O bildirib ki, Naxçıvanda günəş enerjisinin istehsalı ən azı 500 megavat ola bilər və bu rəqəm 1000 megavata qədər artırıla bilər. Prezident qeyd edib ki, bu enerji istehsalının ixrac imkanları üçün müvafiq ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır.
Ötürücü xətlərin genişləndirilməsi zəruriliyini vurğulayan Əliyev, Naxçıvandan həm İrana, həm də Türkiyəyə elektrik xətləri olduğunu, lakin bu xətlərin imkanlarının məhdud olduğunu qeyd edib. Mütəxəssislərin apardığı təhlillər nəticəsində Naxçıvandan Ermənistan ərazisindən elektrik xətləri çəkilməsi layihəsinin hazır olduğu bildirilib. Bu layihə çərçivəsində isğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunub. Yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir və bu, daxili təminat üçün yox, böyük enerji həcmələrinin ötürülməsi üçün tikilib.
Alınan məlumatlara görə, Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırılması üçün yerlər müyyən edilib. Prezident Əliyev Ermənistan tərəfinin bu məsələdə uzatma etməyəcəyini ümid etdiyini, çünki onların əsas enerji mənbəyinin atom elektrik stansiyası olduğunu vurğulayıb. O, bu stansiyanın köhnəldiyini və region üçün təhlükəli olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Eləcə də o bildirib ki, Metsamor atom elektrik stansiyasının fəaliyyətinin uzadılması sonsuz bir proses ola bilməz və nəhayət bağlanmalıdır. Bağlandıqda isə Ermənistanın tam enerji böhranına düşə biləcəyini vurğulayıb. Bu səbəbdən əlavə enerji mənbələrinin olması yalnız xeyir gətirəcək.

