"Hərəkət zamanı təhlükəsiz ara məsafəsi vacibdir"

“Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır

"Hərəkət zamanı təhlükəsiz ara məsafəsi vacibdir"

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu cür qayda pozuntusu, xüsusilə magistral avtomobil yollarında yüksək sürətli hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur.

Arazmedia.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qafil əyləc vurması, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.

“Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Sərt hava və yol şəraitində isə bu risk daha da artır,” - deyə məlumatda qeyd edilib.

Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qafil əyləc vurma, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır.

Mənbə: DYP sürücülərə müraciət etdi