«Qaradağda gənclərin qeyri-qanuni istismarı iddiası»
«Qaradağda gənclərin qeyri-qanuni istismarı iddiası»
Qaradag rayonunun İlt qəsəbəsində "günəş panelləri" adı ilə tanınan ərazidə baş verən hadisələrlə bağlı ciddi iddialar gündəmə gəlib. Məlumatlara görə, həmin ərazidə bir qrup gənc, o cümlədən 17-18 yaşlı şəxslər qeyri-qanuni şəkildə iş fəaliyyətinə cəlb olunurlar.
İddialara əsasən, azyaşlı və yetkinlik yaşına yeni çatmış gənclər iş müqaviləsi olmadan çalışdırılır. Onların zəhmət haqqı isə ya gecikdirilir, ya da müxtəlif bəhanələrlə ümumiyyətlə ödənilmir. Bu hal yalnız sosial ədalətsizlik deyil, eyni zamanda qüvvədə olan əmək qanunvericiliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Bu məsələlərlə bağlı danışan bəzi şəxslər bildirirlər ki, işəgötürən tərəf işçilərlə qeyri-rəsmi münasibətlər qurur. Ödənişlərlə bağlı müəyyən vədlər versələr də, sonradan bu vədlər yerinə yetirilmir. Həmçinin, işçilərin əlaqə saxlaması çətindir. Zənglərə cavab verilmədiyi və müxtəlif bəhanələrlə prosesin uzadıldığı iddia olunur.
Ekspertlər qeyd edirlər ki, 18 yaşına çatmayan şəxslərin iş fəaliyyətinə cəlb olunması xüsusi qaydalarla tənzimlənir və bu qaydaların pozulması inzibati və hətta cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda, iş müqaviləsi olmadan işçi çalışdırmaq və əmək haqqını ödəməmək qanunvericiliyə ziddir və ciddi hüquqi nəticələr doğurur.
Yerli sakinlər və zərərçəkənlər aidiyyəti dövlət qurumlarını məsələyə dərhal reaksiya verməyə çağırırlar. Onlar hesab edirlər ki, baş verənlər obyektiv şəkildə araşdırılmalı, qanun pozuntularına yol verən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunub ki, məsələnin hələlik cəmiyyətə məhdud şəkildə təqdim edilməsinə baxmayaraq, problemin həll olunmaması halında daha geniş faktlar, sübutlar və konkret detalların açılacağı istisna edilmir.
Mövzu ilə bağlı rəsmi qurumların mövqeyi olarsa, dərhal dərc etməyə hazırıq.
Arazmedia.az

