"Müstəqilliyin Bərpası Günü Qaradaqda qeyd olundu"
 "Müstəqilliyin Bərpası Günü Qaradaqda qeyd olundu"
									"Müstəqilliyin Bərpası Günü Qaradaqda qeyd olundu"
								Oktyabrın 17-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə "Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol" mövzusunda tədbir keçirilib. Bu tədbir Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı, Qaradağ Rayon İcra Hakimiyyəti, 21 saylı Mediasiya Təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra sərgi zalında Ulu Öndərin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olub. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə "Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol" adlı videoçarx nümayiş etdirilib. YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı uzun və çətin mübarizə yolundan danışıb. O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk demokratik respublika olsa da, cəmi 23 ay yaşadığını və 1920-ci ildə bolşeviklərin işğalı ilə süqut etdiyini qeyd edib. Ardınca, 1922-ci ildən Azərbaycan SSRİ-nin tərkibinə daxil edildiyini vurğulayıb.
Qafar Əliyev XX əsrin sonlarında yaranmış tarixi şəraitin ölkəyə yenidən müstəqilliyini bərpa etməyə imkan verdiyini və bunun 1991-ci il oktyabrın 18-də gerçəkləşdiyini bildirib. Lakin müstəqilliyin ilk illərində ölkədə xaos, iqtisadi tənəzzül və torpaq itkisi kimi ciddi problemlərin yaşandığını vurğulayıb. Bu ağır dövrdə xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev olub. Onun siyasi rəhbərliyi ilə ölkədə stabillik və inkişaf təmin edilib.
Qafar Əliyev, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf yoluna qədəm qoyduğunu, ərazi bütövlüyünün və suverenliyin tam şəkildə bərpa olunduğunu qeyd edib. Bütün bu uğurların arxasında Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin və onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər arasında Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Samaya Sixliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbbəyov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev, 18 saylı Mediasiya Təşkilatının direktoru Sadiq Bağırov, Mediasiya Şurası İdarə Heyətinin müsaviri Əli Fərzəliyev və digər natiqlər XX əsrin sonlarında Azərbaycanın qarşılaşdığı çətinliklərdən, vətəndaş müharibəsi təhlükəsindən və iqtisadi çöküşdən danışaraq Ulu Öndər Heydər Əliyevin xilasedici rolunu xüsusi qeyd ediblər. Tədbirin sonunda YAP-a yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub.
Bu tədbir müstəqillik tariximizin əhəmiyyətini bir daha vurğuladı və Ulu Öndər Heydər Əliyevin Azərbaycana olan xidmətlərini yad etdi.
 
										 
											
