"Ətraf Mühit Tenderlərində Qaydaların Pozulması!"

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “Avtodarticilar (yarımqosqu il)” üzrə 30.05.2025-ci ildən başlayan açıq tenderin yekununu vurub. Müsabiqənin qalibi “PRORENT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tələflər arasında 1.650.513,2 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.09.2025-ci ildən dərc edilib.
Bundan əlavə, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “Kran manipulyatorlar”ın satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi də “PRORENT” MMC olub. Bu tenderdə isə tələflər arasında 1.442.738,8 manat dəyərində müqavilənin bağlanılması gözlənilir.
Göründüyü kimi, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “PRORENT” MMC-yə bir həftə ərzində ümumi dəyəri 3.093.251 manat dəyərində dövlət sifarişi verib. Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş avtodarticiların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.741.750,00 manat müəyyən edilmişdir. Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan göründüyü kimi, satınalan təşkilat olaraq Regional Su Meliorasiya Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “PRORENT” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd etmək lazımdır ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında, təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda, təchizatçı müsabiqədən kənarlaşdırılmalıdır.
Amma göründüyü kimi, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı, hətta 40 faizdən yuxarı qiymət təqdim etmiş “PRORENT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması ilə bərabər açıq tenderin saxtalaşması deməkdir.
İndi gəlin görək “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin bir həftə ərzində üç milyon manatlıq sifariş verdiyi şirkət haqqında nə kimi məlumatlar var. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRORENT” (VÖEN: 1303336051) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.07.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirləri Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRI, YASAMAL RAYONU, KAZIM KAZIMZADƏ, ev.86, qanuni təmsilçisi kimi İsmailov Rəsad Nurəddin oğlu qeyd olunub. MMC-yə 2013-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Elektron medianın 1 iyul 2024-cü ildən yaydığı xəbərə görə, “Prorent” MMC-yə inzibati protokol yazılıb. Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, islər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xəta obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinə qədər cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Dasdımirovun icraatında olub.
Xatırlatmaq istərdik ki, son vaxtlar xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyəti cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Sözügedən məlumatlarda xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamalari ilə bağlı prokurorluq orqanlarında cinayət işi başlanaraq ibtidai istintaqın aparıldığı bildirilirdi.
İndi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin hansı səlahiyyətlisi zəmanət verə bilər ki, “Prorent” MMC ona verilən dövlət sifarişini vaxtında, keyfiyyətlə yerinə yetirə biləcək? Bununla yanaşı ehtimal olunan qiymətlə müqayisədə 40 faizdən aşağı qiymət təqdim etmiş “Prorent” MMC-yə inzibati protokol yazılmasına baxmayaraq bir həftə ərzində üç milyon manatdan çox dəyəri olan tenderləri necə uda bilib? Ola bilər ki, burada xüsusi şərtlər qoyulub.
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəhbəri isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilovun əmri ilə 26.06.2024-cü ildən təyin edilib.
```