Tenderdə qanun pozuntusu: “BAYAZ İNŞAAT” qalib gəldi!

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üzrə 17

Tenderdə qanun pozuntusu: “BAYAZ İNŞAAT” qalib gəldi!

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Tenderi və BÜYAZ INSAAT MMC

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, 17.02.2025-ci ildə Quba rayonunun Qirmizi qəsəbəsində yaşayış evlərinin və həyətlərin Qudyalçayın sel və daşqın sularından mühafizəsi məqsədilə başlamış açıq tenderin yekununu açıqlayıb. Müsabiqənin qalibi “BÜYAZ INSAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.037.337,5 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 14.08.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tenderdə ehtimal olunan qiyməti 3.416.845,76 manat müəyyən etmişdir. Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan aydın olur ki, satınalan təşkilat ,yəni Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən müəyyən edilmiş ehtimal qiyməti ilə tədarükçü “BÜYAZ INSAAT” MMC-nin təqdim etdiyi qiymətlər arasında kəskin fərq mövcuddur.

Azərbaycan Respublikasının “Dövlət Satınalmaları haqqında” Qanununa əsasən, tədarükçülərin satınalmadan kənarlaşdırılması müəyyən edilib. Qanunun 35.1.8. maddəsinə əsasən, tədarükçünün təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymət müqayisəsində 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında tədarükçünün təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda tədarükçü müsabiqədən kənarlaşdırılmalıdır.

Amma görünür ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tender müsabiqəsində ehtimal olunan qiymət müqayisəsində 20 faizdən aşağı qiymət təqdim edən “BÜYAZ INSAAT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

BÜYAZ INSAAT MMC Haqqında Məlumatlar

Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının hüquqi şəxs kimi dövlət reyestrinə daxil edilən məlumatlarında “BÜYAZ INSAAT” (VÖEN- 2001329971) Məhdud Məsuliyyət Cəmiyyəti 16.10.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamə kapitalı 2.318.708 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Görədil, N.Salayaev, ev. 8-dir, qanuni təmsilçisinin adı Yusif Eldar oğlu Yusifli olaraq göstərilir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə MMC 2008-ci ildə Ibrahimov Raqif Tapdiq oğlu tərəfindən təsis edilmişdir. Ibrahimov Raqif, 1984-cü ildən 1992-ci ilədək “Sumqayıtkimyasaənaye” İstehsalat Birliyində usta, birliyin baş memarı, şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestinin idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə isə “Mexqurasdirma” istehsalat-kommersiya firmasının direktor vəzifəsində çalışmışdır. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışır.

Yusif Eldar oğlu Yusifli və Korrupsiya İddiaları

MMC-nin hazırkı qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli, “Enerji Construction” MMC-nin təsisçisi kimi bir çox şübhəli satınalmalarla bağlantılıdır. Yusif Yusifli, ötən il “Azərisiq” ASC tərəfindən keçirilmiş satınalmalarla bağlı ciddi korrupsiya hallarına yol verilməsi barədə mətbuata verdiyi açıqlamalarla gündəmə gəlib. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru olan Yusif Yusifli, Kəlbəcər rayonunda həyata keçirdiyi işlər nəticəsində “Azərisiq” ASC-nin ona və 250 işçisinə 5 milyon manatdan yuxarı borcunun yarandığını bildirmişdir. Amma sifarişçi təşkilat olaraq “Azərisiq” ASC tərəfindən pulu ödəməkdən imtina edilib.

Yusif Yusifli açıqlamalarında “Azərisiq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işləri müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduqlarını ifadə edib. Bütün bunların fonunda “Azərisiq” ASC-nin qeyri-qanuni sifarişlərini həyata keçirən sahibkarın, Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” ilə hansı şərtlərdə razılığa gəlməsi və 3 milyon yarım manat ehtimal qiyməti olan tenderdə 2 milyon manatlıq təklifdən qalib çıxması sorğu doğurur.

Nəticə

Son olaraq, Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti direktoru Məhmmədov Samir Teymur oğludur. O, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olmuşdur. Zaur Mikayilovun kadrıdır və onun yaxın adamlarından biri hesab edilir.