"Natavan Gümeçin əməliyyatında tibbi laqeydlik"

Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümet, iyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.
E-saglam.az-in məlumatına görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyatı vacib müayinədən – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.
Mənbənin verdiyi məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçün əhəmiyyətlidir və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Bu ilin mart ayında məhz eyni fəsad – tromblasma – nəticəsində cəmi 34 yaşlı qadın dünyasını dəyişib.
Əlavə olaraq, əməliyyatdan sonra tanınmış aktrisanın sağlamlığında ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb və hələ də müalicə alır.
Məlumat üçün bildirək ki, Etalon Hospital və Avrasiya Klinikası eyni şəxsin rəhbərliyində fəaliyyət göstərir. Bu isə xəstə hüquqlarının pozulması və tibbi səhlənkarlıqla bağlı məsuliyyətin bir mərkəzdə cəmlənməsi anlamına gəlir.
Xatırladaq ki, ölkədə son illərdə estetik əməliyyatlar zamanı baş verən tibbi səhvlər, ölüm halları və səhlənkarlıqla bağlı çoxsaylı faktlar cəmiyyətə narahatlıq doğurur. Hazırda müzakirəyə çıxarılan bu hallar da həmin zəncirin bir hissəsi kimi görünür.
Mövzu ilə bağlı aktrisa ilə əlaqə saxlamağa çalışsaq da, bu barədə danışmaq istəmədiyini bildirdi. Bu barədə xəstəxanaya müraciət etdiyini onlardan xəbər gözlədiyini vurğuladı.
Qeyd: Qarşı tərəfin mövqeyini yaymağa açığıq.
E-saglam.az
```