Təhsildəki haqsızlıqlar: Müəllimlər səsini qaldırır!

Son zamanlarda təhsil sahəsində baş verənlər daha da tənqidə səbəb olur. Müəllimlərin sertifikasiya imtahanında onlara qarşı haqsızlıqlar edildiyi, 50+ bal toplamalarına mane olunduğu iddia edilir. Kimya, Azərbaycan dili, dövlət dili və ingilis dili fənlərindən edilən ədaletsizliklərə gülərək reaksiya verən Emin Əmrullayev, müəllimlər tərəfindən heç də yaxşı qarşılanmamışdır. "Kimsə yüksəkdən qışqırırsa, bu o demək deyil ki, biz ondan qorxuruq" deyən Əmrullayev, eyni zamanda MIQ-da da dayanmadan qanunsuzluq etməyə davam edir.
İlk öncə vakansiya seçimlərində ani dəyişikliklərin olması insanların çox məyus olmasına səbəb oldu. Ailəsindən ayrı qalan, nişanlı olan, iş axtaran, köçmək istəyən, yaşayış yeri yanlış yazan, tələbə olan hər kəsi məyus etdi. Ən əsas isə vakansiyaların gizlədilməsi oldu. Bu işdə həm Esqi Bağırov, həm Emin Əmrullayev, həm də Nurlan İsmayılbəyli günahkardır.
Məktəblərdə şagird sayı ortadadır, müəllim sayı ortadadır, dərs bölgüsü ortadadır. Müəllimlərin sertifikasiya balları da ortadadır. Necə ola bilər ki, bütün bunlar ortada ikən illərdir vakansiya verilməyən məktəblər var? Həmçinin hər il müddətli müqavilə ilə işçi qəbul edən və vakansiya verməyən məktəblər də mövcuddur. Bundan əlavə, vakansiya vermək üçün zorla ərizə yazdırılan müəllimlər var. Necə ola bilər ki, bütün müəllimlər bilirlər, amma Nazirlik və qurumları bilmirlər? Bəs şagirdlərin keyfiyyətli təhsili necə olacaq?
Müəllimləri üzdülər, incitdilər, alçaldılar, indi də açıq-askar qanunsuzluq edirlər. Təsəvvür edin ki, vəziyyət o həddə çatıb ki, artıq göz gör-gör qanunsuzluq edilir. Heç bir çəkinmə, narahatçılıq yoxdur.
Nurlan İsmayılbəyli də Esqi Bağırovun adamıdır. Esqi Bağırovun bütün olanlardan xəbərinin olmaması imkansızdır. Necə ola bilər ki, vakansiyalar gizlədilir və MÜTDA-nın xəbəri yoxdur?
Artıq bu il təhsildə elə bir vəziyyətə gətirilib ki, bundan sonra çətin ki, təhsilimiz bərpa olunsun! Bütün ekspertlər yazır, müəllimlər şikayət edirlər, valideynlər, şagirdlər, tələbələr şikayət edirlər. Amma ortada heç bir nəticə yoxdur. Təhsil nə üçündür? Təhsil kim üçündür? Artıq bu suallar şübhəlidir. Çünki burada təhsildən başqa hər şey var.
İnsanlar artıq hər şeydən üzüb Prezident Cənab İlham Əliyev və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirlər ki, bu iki şəxs haqqında dərhal tədbir görülsün və Azərbaycanın gələcəyi üçün, sağlam cəmiyyət üçün düzgün addımlar atılsın.
Tehsilmedia.az