"Direktorların Avropaya səyahəti: Müəllimlər harada?"

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Latviya və Litvada məktəb direktorları üçün təcrübə proqramı təşkil edib. Bu proqramın maliyyəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ödənilib. Sifarişə 34 nəfər direktor cəlb edilib, onlardan 20 nəfərinin bütün xərcləri Həmkarlar İttifaqının büdcəsindən qarşılanıb.
Aydın məsələdir ki, illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən müəllimlər yay istirahətinə göndəriş tapa bilmədikləri halda, direktorların Avropaya səfəri üçün bu pullar necə ayrılır? Bu sual xüsusilə aktualdır.
Latviya və Litva təhsil sistemləri beynəlxalq reytinqlərdə liderdir və onların nümunələri qlobal miqyasda model kimi təqdim edilir. 2024-cü ilin PISA nəticələrinə əsasən, bu ölkələr təhsil reytinqinə görə ilk 20-likdə yer almırlar. Belə olduğu halda, Azərbaycanın təhsilinin hansı konkret ehtiyacları bu ölkələrin təcrübəsini öyrənməyi zəruri edir? Bu suallar hələ də cavabsızdır.
Təcrübə proqramı çərçivəsində direktorlar konkret hansı təhsil müəssisələri və ya qurumlarda təcrübə keçiblər, bu da açıqlanmayıb. Seçim prosesi tamamilə qapalı və qeyri-şəffaf həyata keçirilib, hansısa müsabiqə keçirilməyib. Seçimdə akademik göstəricilər, menecment bacarıqları və ya digər obyektiv amillərin nəzərə alınıb-alınmadığı bilinmir.
Görünən odur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özünə yaxın direktorları yay istirahətinə göndərib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Pasayev bu sifarişi icra edib. Bu cür şəraitdə təhsil sistemində şəffaflıq məsələləri çoxsaylı suallara yol açır.
Turizm sahəsindəki ekspertlər bildirib ki, bu tip səfərin təxmini xərci aşağıdakı kimidir: Təyinat bileti (1 nəfər) 1200 AZN, 20 nəfər üçün: 24,000 AZN; Otel (7 gecə, 2 nəfərlik otaq) 150 AZN x 7 = 1050 AZN, 20 nəfər üçün: 10,500 AZN; Qidalanma (gündə 80 AZN x 7 gün): 560 AZN, 20 nəfər üçün: 11,200 AZN. Ümumi təxmini xərclər: 45,700 AZN.
Bu rəqəmin üzərinə az olmayan viza xərclərini də əlavə etmək lazımdır. Bu qədər maliyyə ilə ölkə üzrə onlarla zəhmətkeş müəllimi yay istirahətinə göndərmək olardı. Ancaq görünür ki, Həmkarlar İttifaqı müəllimlərin yox, məktəb direktorlarının rahatlığını prioritet sayır. Bu qədər vəsaitin bir qrup direktora sərf olunması, eyni zamanda minlərlə müəllimin yay istirahətinə çıxmaması biabırçılıqdır.
Sadə sual yaranır: Bu səfər kimə lazımdır? Əgər bu səfərdən təhsilə real töhfə gözlənilirdisə, onun nəticələri ictimaiyyətə bölüşülməliydi: Hangi innovativ model öyrənildi? Nə tətbiq olunacaq? Nə dəyişəcək? Lakin ortada yalnız fotolar və sərf olunmuş pullar var. Əgər məqsəd sadəcə lüks tətil idisə, onda Həmkarlar İttifaqı rəsmi olaraq etiraf etməlidir ki, bu, müəllimlərin deyil, direktorların təşkilatıdır.
Müəllimlər bildirir ki, illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəmələrinə baxmayaraq, yayda bir istirahət "putyovkası" belə ala bilmirlər. Özü də bu vəsaitlə məktəb direktorları Avropa ölkələrinə "təcrübə toplamağa" göndərilir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mətbuat xidməti mövzu ilə bağlı sorğumuzu cavabsız qoyub.