"Pilot Residence sakinləri: Problem illərdir davam edir!"

Baki şəhəri, Sabail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və Nizami küçəsi, ev 4 ünvanlarında yerləşən "Pilot Residence" yaşayış kompleksində sakinlər uzun illərdir davam edən problemlərlə üzləşirlər. Kooperativin fəaliyyəti ilə bağlı mediada kifayət qədər qalmaqallı məlumatlar yayılıb. Sakinlərin bildirdiyinə görə, bina rəsmi istifadəyə verilsə də, əsasən tamamlanmamış vəziyyətdə təqdim olunub. Məsələn, həyətin bərpası, kompleksin hasara alınması kimi işlər tamamlanmamışdır.
Şikayət edən sakinlər, keyfiyyətsiz tikinti, zəif izolyasiya, nazik divarlar kimi problemlərlə üzləşdiklərini və yaşamaq üçün yararsız şəraitin orada insanlar üçün ciddi çətinliklər yaratdığını bildirirlər. Sakinlərin ifadələrinə görə, bina artıq o səviyyəyə çatıb ki, fasad hissəsi də tökülmək üzrədir. Binada zəruri xidmətlər təmin olunmur və tikinti qüsurlarının aradan qaldırılması istiqamətində konkret addımlar atılmır.
İddialara görə, binanın inşası zamanı müxtəlif qanunsuz və şəffaf olmayan proseslər həyata keçirilib. Bu gün həmin qanunsuzluqların nəticəsi kimi binada texniki və təhlükəsizlik baxımından ciddi fəsadlar meydana çıxmaqdadır. Həmçinin, MTK (mülkiyyətçilər kooperativi) qanunsuz olaraq MMC (müəssisə) yaratmaq və daima binaya rəhbərlik etmək istəyir.
Sakinlər illərdir öz hüquqlarını tələb etsələr də, hələ də istəkləri tam şəkildə qarşılanmayıb. Problemlərlə bağlı məktub və müraciətlər rəsmi şəkildə aidiyyəti qurumlara təqdim edilib. Hal-hazırda isə iş məhkəmə prosesi üzərindədir. Məlumata görə, Ali Məhkəmədən geri qaytarılmış iş yenidən Apellyasiya Məhkəməsində baxılacaq. Növbəti iclasın 5 avqustda keçirilməsi nəzərdə tutulur və sakinlər ümid edirlər ki, bu dəfə onların tələbləri təmin olunacaq.
Kompleksin 30 ailəsinin imzası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına və digər əsas subyektlərə şikayət məktubu ünvanlanıb. Sakinlər binanın tikintisinin 2017-ci ildə təsdiqlənmiş layihəyə uyğun tamamlanmadığını bildirir, MTK-nin fəaliyyətsizliyinə və biganəliyinə etiraz edirlər. Yuxarıda qeyd olunan nöqsanların, vacib məsələlərin təxirəsalınmaz şəkildə həllini gözləyirlər.
Yasaşanlar, təhlükəsiz və insana layiq şəraitdə yaşamaq hüquqlarının bərpa olunmasını tələb edirlər. Həmçinin, bildirirlər ki, məhkəmə iddialarını və dövlət qurumlarına ünvanladıqları şikayətlərini qeyd olunan tələblər təmin olunduğu təqdirdə geri götürəcəklər.
Həmin müraciəti olduğu kimi təqdim edirik:






