"Su Ehtiyatları Agentliyində 'qara mühasibat' skandalları"

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “qara mühasibat” bərpa edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində aparılan “islahatlar”ın sədri Zaur Mikayilovun idarəçilik sistemində ciddi problemlərin olduğunu göstərir. Bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində keçirilən kadr islahatı nəticəsində bir çox rəhbər vəzifələri, o cümlədən rayonlardakı idarələrdəki müdirlər kütləvi şəkildə dəyişdirilmişdi. Bu kadrlar uzun illər dövlət büdcəsindən ayrılan milyonları talan edən korrupsioner kadrlar kimi tanınırdı və Zaur Mikayilovun bu addımı yeni bir dövrün başlanğıcı kimi qəbul edilirdi.
Ancaq Poliqon-nun müxtəlif rayonlardan aldığı məlumatlara görə, təqribən bir il əvvəl işdən çıxarılan idarə rəislərinin 90 faizi yenidən öz yerlərinə, ya da digər idarələrə rəhbər vəzifələrə təyinat alıblar. Bu isə təbii olaraq, suallar doğurur: Islahatçılar düşüncəsində olan Zaur Mikayilovun yenidən keçmişə dönməsi nileyə bağlıdır?
Qeyd edək ki, adları uzun illərdir korrupsiyada hallanan bu idarə rəislərinin islahat adı altında yenidən öz vəzifələrini, ya da başqa vəzifələri təyin edilmələri sadəcə gülünc görünür. Aldığımız məlumatlara görə, Zaur Mikayilovun keçmişə dönüşü təkcə “kadr islahatı” ilə bağlı deyil. Bəzi iddialara görə, qurumda “qara mühasibat” da bərpa edilib və rəhbər vəzifələrdə çalışanlara “paketlər” verilir. Maraqlıdır ki, bu “paketlərin” “ikinci maaş kartı”na köçürüldüyü bildirilir.
Sabirabaddan aldığımız məlumat da bu iddiaları təsdiqləyir. Məlumatda bildirilib ki, adı uzun illərdir korrupsiyada hallanan idarə rəhbərlərindən biri olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Safiq Heydərov, yerlisi və himayədari Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin köməyilə yenidən idarə rəisi təyin edilməyə nail olub. Zakir Quliyev isə uzun illər "İqtisadiyyat və Sənaye Nazirliyi"ndə müavin olaraq çalışıb.
Sabirabaddan aldığımız məlumatda, Safiq Heydərovun "qızıl dövr"də olduğu kimi işlədiyi bildirilir. Maraqlıdır ki, Safiq Heydərova Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əlavə əmək haqqı kartı verildiyi iddia olunur. İddialara görə, bu karta hər ay əmək haqqının 3 qat qədər pul vurulur. Eyni zamanda, Sabirabad Suvarma Sistemləri rəisinin müavininin də ikinci "əməkhaqqı kartı" var və bu karta müdir müavinin maaşının 2 misli qədər pul köçürülür.
Bu halın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən xəbərsiz həyata keçirilməsi mümkün deyil. Hər ay qanuni və qanunsuz 6 min manat əmək haqqı alan Safiq Heydərovun nəyəsə köhnə əmllərlə döndüyü deyilir. Məlumata görə, Sabirabad rayonunda yerləşən qamis basmış drenajlar Suvarma Sistemləri İdarəsinin adı olub, özü olmayan işçiləri tərəfindən yandırılarak təmizlənir. Həmin “işçilərə” maaş verilməsi ilə birgə yandırılan drenajlarda texnikaların işləmsi sındırılır və hər ay külli miqdarda yanacaq silinir.
Başqa bir məlumatda isə Sabirabad Suvarma Sistemləri idarəsinin balansından olan nasos stansiyalarının demək olar ki, hər birində iki nəfər adı olub, özü olmayan işçi olduğunu bildirir. Bu isə xeyli sayda maaş kartının hələ də Safiq Heydərovun cibində olduğunu xəbər verir. Yəni, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində üzdə “islahat” adı altında faktiki olaraq hər şey keçmişə qaytarılıb.
Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon sorğu ilə Sabirabad Suvarma Sistemləri İdarəsinə müraciət edib. Sorğu ilə bağlı idarənin Mustafa adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir. Ancaq çox təəssüf ki, Mustafa müəllim Sabirabad Suvarma Sistemləri idarəsində hansı vəzifə daşıdığını bizə söyləmədi.
“İndi heç kim keçmiş zamanlarda olduğu kimi işləmir. Buna görə də həmin iddiaların heç bir əsası yoxdur”, deyə Sabirabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı bildirib.
Poliqon.info