"Bakıda qanunsuz tikinti: təhlükəsizlik riski!"
Bakının Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ərazisində aparılan qanunsuz tikinti işləri bitmək bilmir
"Bakıda qanunsuz tikinti: təhlükəsizlik riski!"

Bakının Nəsimi rayonunun Cavadxan küçəsində "Şəki" kafesi ərazisində aparılan qanunsuz tikinti işləri davam edir. Hazırda ağır dəmir konstruksiyalardan istifadə edərək geniş betonlama işləri həyata keçirilir. Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Samaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun “xeyir-duası” ilə aparılan tikinti işləri ilə bağlı yeni məlumatlar əldə edilmişdir. İnandırıcıdır ki, bu məlumatlar, gec də olsa, müvafiq qurumları hərəkətə keçirəcək, mümkün faciələrin qarşısını alacaq.
Tikinti işlərinin fəhlələrinin heç birinin əmək müqaviləsi yoxdur. Öncə qeyd edək ki, keçmiş "Şəki" kafesi ərazisində aparılan tikinti prosesində çalışan usta-fəhlə heyətinin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Onlar qaçaq şəraitdə, əmək müqaviləsi olmadan çalışdırılır. Ancaq maraqlıdır ki, nə Əmək Müfətisliyi, nə FHN Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyi, nə də digər yetkili qurumlar bir dəfə də olsun tikinti yerinə baş çəkməyib, orada çalışan fəhlələrlə maraqlanmayıb.
Tikintidə çalışan fəhlələrdən birinin verdiyi məlumata görə, onlara təhlükəsizliklə bağlı zəruri geyim vasitələri də verilməyib. Bu iş isə hər hansı qəza anında işçilərin təhlükəsizliyini təmin etməyə imkan vermir.
Bütün gecə davam edən tikinti, pul mükafatı və hədə... Fəhlələrdən birinin Yenixeber.org-a verdiyi məlumata görə, tikinti prosesi iki rejimdən - səhərdən axşama və axşamdan səhərə qədər davam etdirilir. Məqsəd, nəyin bahasına olursa-olsun tikinti işlərini sürətlə başa çatdırmaqdır. Mənbənin bildirdiyinə görə, bunun üçün fəhlələrə artıq pul mükafatı da vəd edilib. İş icraçısı bildirib ki, hansı briqada üzərinə düşən öhdəliyi vaxtından tez yerinə yetirsə, ona əlavə pul veriləcək. Bununla yanaşı, tapşırılan işi vaxtında görməyən briqadanın pulunun kəsiləcəyi də bildirilib. Yəni fəhlələrə münasibətdə həm kök, həm də kötük prinsipi rəhbər tutulur.
“Tikinti düz keçidin üstündə aparılır: Hər an hər şey ola bilər”. Mənbənin sözlərinə görə, tikinti prosesi düz keçidin üzərində aparılır, bu, nə Bakı metropolitenini, nə də FHN rəhbəri Kəmaləddin Heydərovu narahat etmir. Baxmayaraq ki, vəziyyət həqiqətən kritikdir və hər an hər şeyin olması mümkündür. Bunu da nəzərə almaq lazımdır ki, hazırda obyektin birinci mərtəbəsi inşa olunur. İkinci mərtəbə və dam örtüyü qoyulandan sonra keçidin üzərinə düşən yük də artmış olacaq. Bu isə keçidin uçması ehtimalını artıracaq.
Fəhlələr həbslə təhlükəsi altında. Yeri gəlmişkən, tikintinin dörd bir tərəfdən hündür dəmir konstruksiya ilə qapanması ciddi şübhələr yaradır. Məhz bu faktor ətrafdakı insanlarla yanaşı, tikintidə çalışanlarda da haqlı sual yaradır: “Burada tikinti işləri hansı qanunsuzluqlar əsasında aparılır ki, hamıdan ciddi şəkildə gizlədilir?” Fəhlələrdən birinin sözlərinə görə, ərazidəki tikintinin tam işləri onu deməyə əsas verir ki, burada planlaşdırılan obyekt kifayət qədər iri ölçülü olacaq. Belə bir obyektin metro keçidi üzərində olması isə kifayət qədər risklidir. Bu isə tikintidə çalışanları ciddi narahat edir: “Biz qrup olaraq əvvəllər də bu insanların obyektlərində çalışmışıq, amma heç vaxt bu qədər gizlilik və təlaş olmayıb. Bizi də məhz bu qorxudur.” “Melisa park”da baş verənlər isə hər kəsə dərs oldu. Bir tikçi çörək qazanmaq üçün xozeynin əmrinə tabe olan buldozer sürücüsü həbs olundu. Tikintinin ağırlığı səbəbindən metro keçidinin çökməsi ilə burada da hər hansı bir hadisə baş versə, biz fəhlələr cəza alacağıq. Çünki buranın sahiblərinin arxası güclüdür. Özləri də deyir ki, biz istədiyimiz yerdə istədiyimizi tikirik və heç kim buna mani ola bilmir. Haminin pulunu verib susdurmuşuq.
Tikinti sökülməli, onu tikilənlər cəzalandırılmalıdır. Mənbə qeyd edib ki, ərazidə aparılan irimiqyaslı tikinti prosesi yaxınlıqdakı obyekt və binaların sahibləri tərəfindən də narazılıqlarla qarşılanmaqdadır. Obyekt sahibləri ehtiyat edir ki, keçidin üzərində inşa edilən bu tikili müvafiq qurumların müdaxiləsi ilə sökülə bilər və o zaman “söküntü bumu” onların obyektini də hədəf ala bilər. Yaxınlıqdakı binaların sakinləri isə gün ərzində bir neçə dəfə keçiddən istifadə etdiklərini bildirir və qorxurlar ki, bir gün keçidin uçması ilə fəlakətlə üzləşə bilərlər. Həm obyekt sahibləri, həm də sakinlər hesab edir ki, keçmiş “Şəki” kafesində aparılan tikinti işləri dayandırılmalı, tikinti sökülməlidir. Sakinlər iddia edir ki, əgər tikinti prosesi davam etsə, o zaman bu özbaşınalıqla bağlı dövlət başçısına müraciət ünvanlayacaqlar.
ANONSLAR:
1. Tikilən obyekt kimə məxsusdur?
2. Obyektin sənədi ilə bağlı hansı problem var?
3. FHN-a göndərilən sorğu və Kəmaləddin Heydərova olan ümidlər...
4. Sərnişinlərin təhlükəsizliyini təmin etmədiyi üçün Bakı metropoliteni məhkəməyə verilə bilərmi?
Paytaxt.org