Zaqatalada qanunsuz ağac kəsimlərinə cinayət işi

Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Zaqatalada qanunsuz ağac kəsimlərinə cinayət işi
```html Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsilməklə bağlı cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, rayon ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsimi faktlarının aşkar olunması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissəsi ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "14 nömrəli Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Pasayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsi, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərə biləcək nəticələrə səbəb olmasına əsaslı sübutlar müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Pasayev Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kollari və ya digər yaşlıqları kəsmək) 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs edilib. Muhuma Qudayev isə eyni məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kollari və ya digər yaşlıqları kəsmək), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmağa köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "8 nömrəli Avtomobil Yolunun Yaşılşdırılması" MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsi, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərə biləcək nəticələrə səbəb olmasına əsaslı sübutlar müəyyən edilib.

Eyni zamanda, hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəylər verməsi və vəzifə saxtakarlığı törətməsi ilə bağlı əsaslı sübutlar müəyyən olunub.

İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3, 259.4 və 309.2-ci, Akif Məmmədov isə həmin məcəllənin 309.2 və 313-cü, Anar Hüseynov isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham olunaraq barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. ```