"Kartdan-karta əməliyyatlara yeni limit tətbiq edildi"

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib

"Kartdan-karta əməliyyatlara yeni limit tətbiq edildi"

Azərbaycan Mərkəzi Bankı avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edib.

Arazmedia.az FED.az-a istinadən bildirir ki, Azərbaycanın Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən, ölkədə kartla əməliyyatlara ("card-to-card") limitlər müəyyən edilib. Bu limitlər, həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumilikdə kartların sayına tətbiq edilir.

Ödəniş kartları və elektron pul hesablarının sayı, eləcə də elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur. Ancaq ictimaiyyəti maraqlandıran əsas limitlər, kartdan karta köçürmələrlə bağlıdır. Bu səbəbdən, kart sahibi olan müştərilərə diqqətə çatdırılır ki, 1 avqust 2026-cı ildən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər ediləcəkdir.

Yeni qaydalara görə, kartlara müdaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni, kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Bununla yanaşı, kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20,000 manat limit müəyyən edilib.

Bank müştərinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə daxil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb. Xatırladaq ki, kartla əməliyyat üzrə hazırlanmış şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim edilib.

Yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadəsi mümkündür. Kartdan karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Hökumətin və Mərkəzi Bankın mövqeyi, bu limitlərin ilk növbədə şəffaflığın artırılması və firıldaq hallarının azaldılması məqsədini daşıdığıdır. Eyni zamanda, yeni qaydalar vergidən yayınma və qanunsuz mərclərin qarşısını almağa xidmət edir.

Qeyd edək ki, bu qərar ilə bağlı təkcə Azər Türk Bank rəsmi açıqlama yayıb, digər banklar isə müştərilərə bu barədə heç bir xəbərdarlıq etməyiblər.

Mənbə: Kartdan-karta əməliyyatlara limit qoyuldu