"Heydər Əliyevin 103-cü ildönümü qeyd olunur"
"Heydər Əliyevin 103-cü ildönümü qeyd olunur"
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Arazmedia.az xəbər verir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarlari Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləməyə göndərilib. Bu dövrdə təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qaldırılıb. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildən isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev 1969-cu il iyul plenumunda Azərbaycanın kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş Heydər Əliyev SSRİ Nazirlər Soveti sdrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədri müavini vəzifəsində çalışıb.
1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsi olaraq Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xətlə etiraz etməsi səbəbindən tutduğu vəzifələrdən istefa verib. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətlərin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayırdı. Həmin ildən Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədri müavini olub. Heydər Əliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamanki rəhbərləri Heydər Əliyevi rəsmi olaraq Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsinin nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76.1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev sağlamlığında yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. Heydər Əliyev bir çox dövlət orden və medallarına, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilib.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.
Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbəmin sevincini yaşatdı. Dövlət bayrağımızı ərzi və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, İsgəndərdədə ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Mənbə: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

